Word proqramı ilə tanışlığı davam etdiririk. Bu məqalədə əməliyyat düymələrini və menyuların əmrlərini 2003 versiyasında öyrənəcəyik və 2007 versiyasında onların yerlərini dəqiqləşdirəcəyik. Bildiyimiz kimi 2003 versiyasında yuxarıda Menyu sətri, ondan aşağıda Standart və Formatlama panelləri yerləşir. Menyu sətrində olan menyularda proqrama məxsus əmrlər yerləşir. Menyulardakı çox işlənən əmrləri düymə şəklində panellərdə yeləşdirirlər. Əməliyyat düyməsini aktiv etmək üçün onun üzərində siçanın sol düyməsi bir dəfə vurulmalı və buraxılmalıdır. Standart və Formatlama panelləri zəruri əmrləri özündə saxlayır və bu iki panel həmişə göz qabağında olmalıdır.
2007 versiyasında bu panellərdə olan əməliyyat düymələrini və menyularda olan əmrləri müxtəlif yerlərə bölüşdürüblər. Bu versiyada təkcə bir zolaq var ki, bütün əmrlər bu zolaqda bölmələr üzrə bölüşdürülüb. Bölmənin başlığı üzərində bir dəfə vurduqda onun aşağısında bölməyə aid əmrlər görünür. Aktiv bölmənin başlığı üzərində iki dəfə vurduqda əmrlər zolağı yığılır. Sonra bir dəfə vurduqda müvəqqəti açılır, təkrar iki dəfə vurduqda tam açılır. Aşağıdakı videoya baxın.
İndi keçək əmrlərlə tanış olmağa. Əvvəlcə onu qeyd edim ki, proqramda çox alət, çox düymə olur, bunların hamısı bizə lazım olmur. Ona görə də gündəlik işlərimizdə lazım olanları qeyd edəcəyəm. Başlayaq Formatlama alətlər zolağından (Formatlama paneli). Bu panelin əmrləri aşağıdakı şəkildə izah olunub. Şəkildən aşağıda olan video materialda bu əmrlərin 2007 versiyasında harada olması əyani göstərilir.
Baxaq görək Standart alətlər zolağında hansı əmrlər yerləşir. Aşağıdakı şəkildə bunlar izah olunub.
Hansısa mövzuda mətn yığırsınızsa səhifələr qurtardıqca yenisi avtomatik yaranır, ayrı sənəddə yeni mövzu başlamaq istəyirsinizsə 1-ci düymə vurulmalıdır. Hansısa qovluqda olan faylı açmaq üçün 2-ci düymə vurulmalı və açılan pəncərədə faylı tapdıqdan sonra onun üzərində sol düymə iki dəfə vurulmalıdır. 3-cü düymə ən lazımlı düymədir, onu unutsanız proqramda yaratdığınız gözəl işləri kompüterdə yaddaşda saxlaya bilməzsiniz. Faylı yaddaşa vermək üçün bu düymə vurulur, ad yazılır, qovluq seçilir və Save (Сохранить) vurulur. Əgər 2007 versiyasında yaddaşa verirsinizsə, bu sənədin əvvəlki versiyalarda da açılması üçün Save as - Document Word 97-2003 (Сохранить как - Документ Word 97-2003) pəncərəsindən yaddaşa verilməlidir. Sonradan faylda dəyişiklik edilərsə bu dəyişikliyin yaddaşda qalması üçün düyməsi təkrar vurulmalıdır.
Mətni printerdə çap etmək istəyirsinizsə əvvəl printeri işə salın, kağızı yerinə qoyun, sonra çapdanöncə baxış düyməsi vasitəsilə çapın necə olacağına baxın. Əgər səhvlər olarsa Close (Закрыть) düyməsi ilə qayıdıb səhvləri düzəldin və yenə həmin düymə ilə baxın. Hər şey qaydasına düşəndən sonra düyməsini vurun bütün səhifələr çap olunsun. Əgər sizin sənəd çoxsəhifəlidirsə və siz onun bir və ya bir neçə səhifəsini çap etmək istəyirsinizsə onda File (Файл) menyusundan Print (Печать) pəncərəsini açın, yuxarıda printerin adını seçin, soldakı sətirdə çap etmək istədiyiniz səhifələrin nömrəsini və ya diapazonu, sağdakı sətirdə nüsxənin sayını daxil edin və OK düyməsini vurun. Çap etmək istədiyiniz səhifələr ardıcıl gəlirsə defis - işarəsi ilə (3-6), ardıcıl deyilsə vergül , işarəsi ilə (1,3,6,11) qeyd edin.
Simvolu, mətni, şəkli və ya cədvəli bir yerdən başqa yerə aparmaq lazım gələrsə, əvvəlcə həmin obyekti aktiv edin, Cut (Вырезать) düyməsini vurun, sonra lazım olan yerə kursoru atın və Paste (Вставить) düyməsini vurun. Əgər obyektin kopyası lazım olarsa, əvvəlcə aktiv etmək, Copy (Копировать) vurmaq, sonra lazım olan yerdə Paste (Вставить) vurmaq lazımdır.
Eyni formatlı yazılar bir neçə yerdə təkrar olunursa, düyməsi işinizi asanlaşdıra bilər. İstifadə qaydası belədir - kursor nümunənin üzərinə qoyulur, düyməsi vurulur və digər yazı aktiv edildikcə həmin formatı alır. Əgər bu düymə bir dəfə vurularsa bir yazını dəyişmək olur, iki dəfə vurularsa istənilən qədər yazını dəyişmək olur. 10-cu və 11-ci düymələr proqramda işləməyi yeni öyrənənlər üçün çətin vəziyyətdən çıxış düyməsi ola bilər. Əgər səhv etmisinizsə və bilmirsiniz necə düzəldəsiniz proqramı bağlamağa tələsməyin, bütün yaratdıqlarınızı bir anda itirə bilərsiniz. Bu zaman sadəcə 10-cu düymənin üstünə vurun, bu düymə sizi əvvəlki "yaxşı" vəziyyətə qaytaracaq. Səhvlərin itməsi üçün 10-cu düymənin üzərində lazım olan qədər vurun, əgər çox qayıtsanız 11-ci düymə ilə əksinə gəlin.
Cədvələ aid əməliyyat düymələri Cədvəl panelində yerləşir, bu paneli iş sahəsinə gətirmək üçün 12-ci düymə bir dəfə vurulmalıdır. Səhifəyə cədvəl əlavə etmək üçün 13-cü düyməni vurmaq və siçanın sol düyməsini basıb saxlamaqla lazım olan qədər sürüşdürüb buraxmaq lazımdır. Excel damalarını Word səhifəsinə gətirmək üçün 14-cü düymədən istifadə olunur. 15-ci düymə səhifələri sütunlara (qəzetdə və jurnallarda olduğu kimi) bölmək üçündür. 16-cı düymə Şəkil və füqur panelini iş sahəsinə gətirir. Səhifədə olan yazılar kiçikdirsə və oxuya bilmirsinizsə, onda 17-ci düyməni açın və yuxarı faiz seçin, bu zaman səhifə sizə böyük göstəriləcək. Əksinə, böyük yazılar səhifəyə yerləşməsə görünüş miqyasını azaldın. Sonuncu düymə hər bir panelin sonunda olur, bu düymə panelə əmr düyməsi əlavə etmək və ya itirmək üçündür.
İndi bu əmrlərin 2007 versiyasında harada olduğuna baxaq. Şəkildəki birinci beş əməliyyatı düyməsini açdıqda görürük. Bu və digər çox işlənən əməliyyat düymələrini "əl altına" yığa bilərik, bunun izahı əvvəlki məqalədə verilib. Növbəti dörd düymə əsas menyunun sol tərəfində yerləşir - Əməliyyatın geri qaytarılması düymələrini Çoxişlənən düymələr panelində görürük. Word proqramının 2007 versiyasını fərqləndirən əsas cəhətlərdən biri cədvəl və şəkil panelinin adi halda görünməməsidir. Cədvəl çəkdikdən sonra cədvələ aid menyular və bu menyuda cədvələ aid əməliyyatlar menyu sahəsində görünür, səhifəyə şəkil və ya fiqur gətirdikdən sonra şəkil və fiqura aid menyu və əməliyyatlar menyu sahəsinə gəlir. Cədvəl çəkmək üçün Insert (Вставка) menyusunda Table (Таблица) düyməsi vurulur və seçim aparılır. Şəkil və ya fiqur əlavə etmək də Insert (Вставка) menyusunda yerinə yetirilir. Cədvəl və şəkil-fiqur işlərini gələn məqalələrdə ətraflı öyrənəcəyik. Səhifəni sütunlara bölən düymə Layout (Разметка страницы) menyusunda yerləşir. Görünüş miqyasını dəyişmək, yəni səhifəni arxaya-önə gətirmək üçün aşağı sağ tərəfdəki sürüngəci sağa-sola sürüşdürmək lazımdır. Sonuncu düymə - alətlər zolağına düymə əlavə etmək və itirmək düyməsi 2003 verisyasında hər panelin sonunda olur, 2007 versiyasında isə bu işi təkcə Çoxişlənən düymələr panelində görmək olur.
Standart alətlər zolağı haqqında yazdıqlarıma aid video material hazırlamışam, bu videoda yuxarıda 2003 versiyasının Standart panelinin şəkli, aşağıda 2007 versiyasının əyani görünüşü verilib, burada müqayisəli formada düymələr və onların tətbiqi göstərilir.
Bu məqalənin Sizə nə dərəcədə köməyi çatdığını və nələri öyrənmək istədiyinizi aşağıda qeyd edə bilərsiniz.